Xəbərlər
Yevlaxda “Müasir müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir müstəqil Azərbaycanın memarı” adlı tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Yevlax şəhərinin mərkəzində ucaldılmış Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev və Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta məktəbin direktoru Sədaqət Şükürova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı tarixi xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndər ilk dəfə hakimiyyətə gəldiyi dövrdə Azərbaycanı geridə qalan aqrar respublikadan inkişaf edən qabaqcıl respublikalar sırasına yüksəldib. Qeyd olunub ki, 1993-cü ildə xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider ölkəmizi müstəqilliyin itirilməsi təhlükəsindən, dərin siyasi və iqtisadi böhrandan xilas edib.
Vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr antiterror tədbirləri zamanı tarixi qələbələr qazanılıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub.
Həmçinin bildirilib ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Ümummilli Lider ideyalarının yaşadılması və təbliğində mühüm xidmətləri var. Onun çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə böyük rəğbətlə qarşılanır.
Sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə rayonun ictimai həyatında fəal iştirak edən bir qrup şəxs Yevlax Şəhər İcra Hakimiyyəti və YAP Yevlax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub. Eyni zamanda Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş şəxslərə üzvlük vəsiqələri təqdim edilib.
Tədbir bədii hissə ilə davam edib.
