Xəbərlər
YAP Tovuz rayon təşkilatının təsis edilməsinin 33 illiyi qeyd olunub
Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının yaradılmasının 33 illiyi münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Tovuz şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra YAP Tovuz rayon təşkilatının təsis edilməsinin 33 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Yeni Azərbaycan Partiyasının Azərbaycanın müasir dövlətçilik tarixindəki müstəsna rolundan bəhs edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası ötən dövr ərzində xalqın etimadını doğruldaraq ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrilib, Azərbaycanın inkişafına, sabitliyinin möhkəmləndirilməsinə və milli həmrəyliyin gücləndirilməsinə mühüm töhfələr verib.
O vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müstəqilliyinin ağır sınaqlarla üzləşdiyi mürəkkəb bir dövrdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılaraq qısa müddətdə ümumxalq partiyasına çevrilib və ölkədə sabitliyin, inkişafın və milli birliyin əsas siyasi təminatçısı olub.
O qeyd edib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Zəfərlərə imza ataraq ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edib, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. O, partiyanın VII Qurultayının təşkilati baxımdan yeni inkişaf mərhələsinin əsasını qoyduğunu vurğulayaraq, Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini Mehriban xanım Əliyevanın humanitar, sosial və mədəni sahələrdə, eləcə də Heydər Əliyev Fondu vasitəsilə həyata keçirdiyi layihələrin ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsində və vətəndaşların rifahının yaxşılaşdırılmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
Nihad Pənahov bildirib ki, YAP Tovuz rayon təşkilatı ötən 33 il ərzində rayonun ictimai-siyasi həyatında fəal iştirak edərək partiya quruculuğu, gənclərlə iş, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, eləcə də dövlətçilik ideyalarının təbliği istiqamətində ardıcıl fəaliyyət göstərib.
Sonra Rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Məzahir Bayramov, partiya veteranı Qasım Hüseynov, Tovuz Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin direktoru və ərazi partiya təşkilatının sədri Nigar Səfxanova, Tovuz şəhəri A.S.Puşkin adına tam orta ümumtəhsil məktəbinin direktoru, ərazi partiya təşkilatının sədri Adil Əsgərov, eləcə də gənc partiya üzvü, DSMF-nin 1 saylı Qazax-Tovuz regional filialının Vətəndaş müraciətləri və iş şöbəsinin baş mütəxəssisi, 44 günlük Vətən müharibəsi iştirakçısı Məhəmməd Abbasəliyev çıxış ediblər.
Natiqlər əminliklə bildiriblər ki, Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini əhatə edən fəaliyyəti ilə ölkənin davamlı inkişafına, milli birliyin möhkəmlənməsinə və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsinə bundan sonra da öz töhfəsini verəcək.
Sonra yubiley yaşları münasibətilə partiya veteranı Cəfərov Nadir Heydər oğluna , Vəliyev Nizami Aslan oğluna , antiterror əməliyyatları şəhidi Niftalı Orucovun anası Eynalova Təlxanım Abbas qızına və partiya fəalı Şirinova Günəş İzzət qızına fəxri fərman və hədiyyələr təqdim edilib.
Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, rayon təşkilatında könüllü fəaliyyət göstərmiş gənclərə isə sertifikatlar təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
