Xəbərlər
“Azərbaycan gənci müasir dövrdə” mövzusunda dəyirmi masa keçirilib
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılmasının 32-ci ildönümü münasibətilə “Azərbaycan gənci müasir dövrdə” mövzusunda dəyirmi masa keçirilib.
Əvvəlcə tədbir iştirakçıları rayon gənclərinin müxtəlif sahələrdə əldə etdikləri nailiyyətləri əks etdirən mükafatlar və Gənclər və İdman Nazirliyinin nəşrlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman İdarəsinin Qaradağ rayon sektoru üzrə müdiri Elçin Abbasov bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycanda dövlət gənclər siyasətinin əsasını qoyaraq gəncləri ölkənin gələcəyinin qurucuları kimi yüksək qiymətləndirib.
Qeyd olunub ki, 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması ölkədə gənclər siyasətinin sistemli və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün mühüm mərhələ olub. Müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan edilməsi və müxtəlif dövlət proqramlarının qəbul olunması Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Bildirilib ki, bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyətdən bəhs edib. O bildirib ki, xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın ağır böhrandan çıxmasına, ictimai-siyasi sabitliyin bərpasına və dövlətçiliyin möhkəmlənməsinə imkan yaradıb.
İlqar İlyasov vurğulayıb ki, Ulu Öndərin müəllifi olduğu uğurlu neft strategiyası, xüsusilə “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin əsasını qoyub.
Qeyd olunub ki, 1996-cı ildə Müstəqil Azərbaycan gənclərinin I Forumunun keçirilməsi, 1997-ci ildə 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü elan olunması, 1999-cu ildə Dövlət Gənclər Siyasəti haqqında Fərmanın imzalanması və 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin gənclərə verdiyi böyük önəmin göstəricisidir.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Gənclərin dövlət idarəçiliyində fəal iştirakı, onların vətənpərvərlik ruhunda formalaşdırılması, xaricdə təhsil imkanlarının genişləndirilməsi, sosial müdafiəsinin gücləndirilməsi və gənclər təşkilatlarının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.
Tədbirdə, həmçinin ölkədə idmanın inkişafı, müasir idman infrastrukturunun yaradılması, beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və idmançılarımızın dünya arenasında qazandığı uğurların dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının nəticəsi olduğu vurğulanıb.
Digər çıxış edənlər də Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından danışaraq qeyd ediblər ki, gənclərə göstərilən hərtərəfli dövlət qayğısı ölkənin gələcəyinə hesablanmış strateji siyasətin mühüm istiqamətlərindən biridir. Bu siyasət sağlam, intellektual, milli dəyərlərə bağlı və vətənpərvər nəslin formalaşmasına xidmət edir.
Tədbirin sonunda Qaradağ rayonunun ictimai-siyasi, mədəni və idman həyatında fəallığı ilə seçilən bir qrup gəncə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
