YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk dünyasının yüksələn gücü: birlik, təhlükəsizlik və strateji həmrəylik

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Müasir beynəlxalq münasibətlər sisteminin sürətlə dəyişdiyi, qlobal və regional təhlükəsizlik çağırışlarının mürəkkəbləşdiyi, geosiyasi proseslərin yeni reallıqlar yaratdığı bir dövrdə dövlətlərarası əməkdaşlığın əhəmiyyəti daha da artır. Belə bir şəraitdə ortaq tarixə, mədəniyyətə və mənəvi dəyərlərə malik dövlətlərin həmrəyliyi, qarşılıqlı etimadı və strateji əməkdaşlığı yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, həm də regional və beynəlxalq təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan Türk Dövlətləri Təşkilatının son illərdə keçdiyi inkişaf yolu xüsusi diqqət çəkir. Təşkilat bu gün siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi üçün mühüm platformaya çevrilib. Azərbaycanın TDT çərçivəsində fəal fəaliyyəti və təşəbbüsləri isə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsinə mühüm töhfə verir. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə səsləndirdiyi fikirlər də təşkilatın mövcud potensialından daha səmərəli istifadə edilməsinin və təhlükəsizlik sahəsində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsinin vacibliyini göstərir.

Dövlət başçısı TDT-nin beynəlxalq arenadakı mövqeyinin möhkəmləndirilməsi üçün təşkilatın malik olduğu potensialdan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb. Bu potensialı geniş coğrafiya, iqtisadi imkanlar, enerji ehtiyatları, əlverişli nəqliyyat marşrutları, gənc əhali və ən başlıcası, ortaq tarixi-mədəni dəyərlər şərtləndirir.

Azərbaycanın bu potensialda xüsusi rolu var. Ölkəmiz həm dünya iqtisadiyyatını enerji resursları ilə təchiz edən dövlət, həm də Mərkəzi Asiya ölkələrindən Xəzər vasitəsilə enerji resurslarının beynəlxalq bazarlara tranzitini həyata keçirən mühüm tərəfdaşdır. Azərbaycanın enerji və nəqliyyat sahəsində həyata keçirdiyi layihələr türk dövlətləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi və regionun beynəlxalq bazarlara çıxış imkanlarının artırılması baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, enerji və nəqliyyat təhlükəsizliyi ümumi təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir.

TDT-nin gücünü müəyyən edən əsas amillərdən biri isə heç şübhəsiz, türk xalqlarını birləşdirən ortaq mənəvi və mədəni dəyərlərdir. Ümumi etnik köklər, dil və mədəniyyət yaxınlığı, zəngin tarixi irs və qarşılıqlı mənəvi bağlılıq türk dövlətləri arasında əməkdaşlığın möhkəm təməlini təşkil edir. Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” fikri də bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir. Azərbaycan üçün türk dünyası ölkələri ilə əlaqələrin inkişafı xarici siyasətin mühüm istiqamətlərindən biridir.

Bu gün Azərbaycan-Türkiyə münasibətləri türk dünyasının həmrəyliyinin mühüm nümunələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəlmiş Azərbaycan-Türkiyə əlaqələri siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə və digər sahələri əhatə edir. Bununla yanaşı, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla münasibətlərin də strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində inkişaf etdirilməsi türk dövlətləri arasında qarşılıqlı etimadın möhkəmləndiyini göstərir. Özbəkistanla əbədi dostluq haqqında müqavilənin imzalanması bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin dərinliyini yalnız siyasi və iqtisadi əlaqələr deyil, ortaq mədəni irs də nümayiş etdirir. Bakıda böyük özbək şairi Əlişir Nəvainin, Daşkənddə isə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin abidələrinin ucaldılması xalqlarımızın ədəbi və mənəvi irsinə qarşılıqlı ehtiramın rəmzidir. Bu cür nümunələr türk dünyasının birliyinin yalnız dövlətlərarası münasibətlərdən deyil, xalqların tarixi və mənəvi yaxınlığından qaynaqlandığını göstərir.

Görüşdə təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilməsi isə təsadüfi deyil. Ölkələrimizin ərazilərində sabitlik, sülh və təhlükəsizliyin hökm sürməsi onların inkişafı və əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaradır. Bununla yanaşı, müasir dövrün təhlükələri yalnız hərbi təhdidlərlə məhdudlaşmır. Terrorçuluq, transmilli cinayətkarlıq, informasiya məkanında ideoloji təsirlər, kibertəhdidlər və digər yeni çağırışlar dövlətlərdən daha sıx koordinasiya və qarşılıqlı fəaliyyət tələb edir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, bugünkü təhdidlərin mühüm hissəsi ideoloji xarakter daşıyır. Bu baxımdan gənclərlə iş, onların milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi və türk dünyasının gəncləri arasında əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Gənclər təşkilatlarının qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirilməsi, zəif tərəflərin müəyyənləşdirilməsi və mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi gələcək təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri ola bilər.

Prezident İlham Əliyevin çıxışında beynəlxalq hüququn mövcud vəziyyəti ilə bağlı səsləndirdiyi fikirlər də diqqətəlayiqdir. Dövlət başçısı beynəlxalq hüququn üstünlüyünün təmin edilməsinin, beynəlxalq mexanizmlərin səmərəli fəaliyyət göstərməsinin və qəbul edilmiş qərarların icrasının vacibliyini vurğulayıb. Azərbaycanın uzun illər ərzində üzləşdiyi münaqişə və işğal reallıqları fonunda bu məsələ ölkəmizin xarici siyasətində xüsusi yer tutur. Dövlət başçısının “beynəlxalq hüquq iflic vəziyyətinə düşüb” ifadəsi isə beynəlxalq hüquq normalarının tətbiqində yaranmış problemlərə dair mövqeyini əks etdirir.

Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatının qarşısında geniş imkanlarla yanaşı, mühüm məsuliyyətlər də dayanır. Təşkilatın siyasi və iqtisadi potensialının təhlükəsizlik sahəsində əməkdaşlıqla tamamlanması, enerji və nəqliyyat bağlantılarının gücləndirilməsi, gənclər arasında əlaqələrin genişləndirilməsi, ortaq mədəni irsin daha fəal təbliği və beynəlxalq məsələlərdə qarşılıqlı dəstəyin artırılması türk dünyasının ümumi gücünü daha da artıran amillərdir.

Azərbaycan bu prosesdə özünün strateji coğrafi mövqeyi, enerji və nəqliyyat imkanları, türk dövlətləri ilə qurduğu yüksək səviyyəli münasibətlər və TDT çərçivəsində fəal təşəbbüsləri ilə mühüm rol oynayır. Prezident İlham Əliyevin görüşdə səsləndirdiyi fikirlər bir daha göstərir ki, türk dövlətləri arasında birlik yalnız ortaq keçmişə söykənən mənəvi bağlılıq deyil, həm də müasir çağırışlara birgə cavab vermək, təhlükəsizliyi və rifahı təmin etmək istiqamətində formalaşan strateji əməkdaşlıq modelidir.

Bu əməkdaşlığın əsas məqsədi isə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dövlətlərimizin və xalqlarımızın rifahı naminə fəal qarşılıqlı fəaliyyətin davam etdirilməsi, ortaq imkanlardan səmərəli istifadə olunması və Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun daha da gücləndirilməsidir.