YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Prezident İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı”

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Prezident İlham Əliyevin dövlətçilik strategiyasında Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyinin təminatı” mövzusunda lektoriya keçirilib.

Mərkəzi Elmi Kitabxana və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbir çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş kitab sərgisinə də baxış keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

MEK-in direktoru Hüseyn Hüseynov 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan dövlətçilik tarixində əhəmiyyətindən danışıb. O, Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm nəticələr verdiyini diqqətə çatdırıb.

Direktor milli dövlətçilik ənənələrinin qorunaraq gələcək nəsillərə çatdırılmasının elmi və mədəni müəssisələrin qarşısında mühüm vəzifələr qoyduğunu vurğulayıb. Bildirib ki, MEK-də mütəmadi keçirilən lektoriyalar Azərbaycan dövlətçilik tarixinin, milli-mədəni irsin və elmi resursların təbliğində mühüm istiqamətlərdən biridir.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycanın müasir inkişafının və əldə etdiyi nəticələrin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xəttinin dayandığını qeyd edib. O, Azərbaycanın müstəqillik tarixinin ən mürəkkəb mərhələlərindən biri olan XX əsrin 90-cı illərində ölkənin üzləşdiyi siyasi və ictimai çətinliklərdən, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində atılan mühüm addımlardan bəhs edib. 21 noyabr 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının ölkənin ictimai-siyasi həyatında mühüm hadisə olduğu vurğulanıb.

 “Əsrin müqaviləsi”nin Azərbaycanın iqtisadi və siyasi gücünün formalaşmasında rolu, eləcə də 2020-ci il Vətən müharibəsindən sonra əldə olunan Zəfər və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası barədə fikirlər səsləndirilib.

Lektoriyada məruzə ilə çıxış edən AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun “Qərbi Azərbaycan tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri, ərazi bütövlüyü və dövlət suverenliyi məsələləri barədə geniş məlumat verib. O, 20 sentyabr tarixinin Azərbaycan tarixində iki mühüm hadisə ilə bağlı xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, bu tarix bir tərəfdən 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın müstəqil neft strategiyasının əsasının qoyulması, digər tərəfdən isə 2023-cü ildə dövlət suverenliyinin tam bərpası baxımından mühüm tarixi məna kəsb edir.

Cəbi Bəhramov “Əsrin müqaviləsi”nin Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb. Bildirib ki, saziş Azərbaycanın təbii sərvətlərindən milli maraqlara uyğun istifadə imkanlarını genişləndirib və ölkənin uzunmüddətli inkişaf strategiyasının formalaşmasında mühüm rol oynayıb.

MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova 20 Sentyabr - Dövlət Suverenliyi Gününün Azərbaycan xalqının uzun illər davam edən mübarizəsinin, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfərin və dövlət suverenliyinin tam bərpasının rəmzi olduğunu bildirib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.