Xəbərlər
Xəzər rayonunda şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı, Bakı şəhər Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə şahmat turniri keçirilib.
Turnirin açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Xəzər rayon təşkilatının sədr müavini Şəfayət Nənəcanov və Bakı şəhər Gənclər və İdman İdarəsinin sektor müdiri Gündüz Vəliyev çıxış ediblər. Diqqətə çatdırılıb ki, müasir müstəqil Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyev dövlətimizin maraqları naminə həyata keçirdiyi mükəmməl siyasətin bariz nümunəsidir ki, bu gün Ulu Öndərin müdrik ideyaları əsasında Partiyanın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan saysız-hesabsız uğurlara imza atır və böyük inkişaf yolu keçir. Vurğulanıb ki, Azərbaycan gənclərinə, idmana diqqət və qayğı göstərmək, gənclərimizi vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirmək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
YAP Xəzər rayon təşkilatında keçirilən mükafatlandırma mərasimində çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb. Bu inkişafın təməlində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət dayanır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük canlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin daim diqqətdə saxladığı məsələlərdən idi.
Qeyd edək ki, turnirdə Xəzər rayonunun ümumtəhsil məktəb şagirdlərindən qız və oğlan təmsilçi olmaqla 20 nümayəndə iştirak edib, öz məharətini və intellektini göstərib. Onlar arasında yarış Olimpiya sistemi üzrə keçirilib.
Gərgin mübarizə şəklində gedən turnirdə qızlar arasında Sara Abdalova birinci, Nəzakət Allahverənli ikinci, Səma Rzayeva üçüncü yeri tutublar. Oğlanlar arasında Fərid Xuduyev birinci, Şükür Ağazadə ikinci, Ömər Əhmədli üçüncü olub.
Qaliblərə YAP Xəzər rayon təşkilatı və Bakı şəhər Gənclər və İdman İdarəsinin diplom, medal və hədiyyələri təqdim olunub.