Xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ümummilli Lider Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində Azərbaycanı o zamankı ittifaq məkanında geridə qalan aqrar respublikalar sırasından dinamik inkişaf edən qabaqcıl respublikalar sırasına çıxardığını vurğulayıb. Bildirib ki, Ulu Öndərin 1993-cü ilin iyun ayında xalqın çağırışı ilə yenidən ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, dərin siyasi, iqtisadi və sosial böhrandan xilas edib.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ölkəmizin sosial inkişaf strategiyasını da formalaşdırdığını diqqətə çatdıran nazir qeyd edib ki, Ulu Öndərin müəllifi olduğu, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk milli Konstitusiyasında da Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit olunub. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilməsi nəticəsində Azərbaycan mühüm tarixi nailiyyətlərə imza atıb, möhtəşəm tarixi Zəfər qazanıb.
Dövlətimizin başçısının tapşırıqları əsasında son illər icra olunan ardıcıl sosial islahatların uğurlarını diqqətə çatdıran Anar Əliyev Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının Nazirlik üzrə Yasamal rayonu, Salatın Əsgərova 85 ərazi partiya təşkilatının fəaliyyətini qeyd edib.
Nazirliyin Aparatında və tabeliyindəki qurumlarda 96 ərazi partiya təşkilatının yaradıldığı, Nazirlik sistemi üzrə YAP üzvləri olan əməkdaşların sayının 5500-ə yaxın olduğu bildirilib.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, hələ sovet dövründə Ulu Öndərin gördüyü işlərin Azərbaycanın sonralar müstəqil dövlət kimi inkişaf etməsində mühüm rola malik olduğunu, respublikamıza rəhbərliyə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətini quraraq onu uzunmüddətli tərəqqi yoluna çıxardığını qeyd edib.
Bildirib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində bu gün Azərbaycan nəinki regionda lider dövlətdir, həmçinin böyük bir coğrafiyanı əhatə edən məkanda söz sahibi kimi yüksək nüfuza malikdir.
Sonra Nazirlik sistemində çalışan əməkdaşlardan daha 144 nəfərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.
Partiyaya yeni üzv qəbul edilən əməkdaşlar çıxış edərək göstərilən yüksək inam və etimada görə minnətdarlıqlarını ifadə ediblər.