Xəbərlər
Sülh, tərəfdaşlıq və inkişaf - Azərbaycan diplomatiyasının strateji missiyası

Meydanəli Yolçiyev
YAP Daşkəsən rayon təşkilatının sədri
Prezident İlham Əliyevin 7–8 avqust tarixlərində Amerika Birləşmiş Ştatlarına (ABŞ) işgüzar səfəri Azərbaycan diplomatiya salnaməsində yeni bir parlaq səhifə açdı. Bu səfər həm ikitərəfli münasibətlərdə strateji tərəfdaşlıq istiqamətində mühüm irəliləyiş, həm də regional sülh və təhlükəsizlik prosesində dönüş nöqtəsi kimi tarixə düşdü.
Vaşinqton danışıqlarının nəticələri ölkəmizin Zəfər diplomatiyasının məntiqi davamı olaraq, beynəlxalq səviyyədə siyasi çəkisini və təsir imkanlarını daha da artırdı. Prezident İlham Əliyev səfər çərçivəsində strateji sənədlərin imzalanmasına nail oldu. Bu baxımdan, səfərin yekunları dövlətimizin böyük siyasi-diplomatik qələbəsi kimi qiymətləndirilir.
Səfərin ən mühüm hadisəsi Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən sammitin nəticəsində imzalanan Birgə Bəyannamə oldu. Bu sənəd regionda sülh və sabitlik prosesində əhəmiyyətli mərhələni ifadə edir. Azərbaycan diplomatiyası postmüharibə dövründə davamlı sülhün təmin olunmasını, dövlət sərhədlərinin qarşılıqlı tanınmasını və kommunikasiya xətlərinin açılmasını əsas prioritet kimi irəli sürür.
Bəyannamədə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin artıq paraflandığı qeyd olundu. Bu, tərəflərin mətn üzərində razılığa gəldiyini və növbəti mərhələdə imzalama və ratifikasiya prosesinə keçəcəyini göstərir. Lakin sənəddə bu mərhələyə çatmaq üçün əlavə tədbirlərin görülməsi zərurəti də vurğulandı.
Birgə Bəyannamədə yer alan mühüm müddəalardan biri regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlıdır. Sənəddə açıq şəkildə qeyd olunur ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz və etibarlı əlaqənin təmin olunması vacibdir. Bu məqsəd üçün ABŞ tərəfindən dəstəklənən xüsusi infrastruktur təşəbbüsü – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” nəzərdə tutulur. Layihə Ermənistan ərazisindən keçəcək və Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında daimi və təhlükəsiz nəqliyyat dəhlizi yaradacaq. Bu, təkcə Azərbaycan üçün deyil, bütövlükdə regionun iqtisadi və geosiyasi xəritəsində əhəmiyyətli dəyişiklik yaradacaq. Marşrutun reallaşması həm ticarət, həm də strateji təhlükəsizlik baxımından yeni imkanlar açacaq.
Səfər çərçivəsində imzalanan Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu iki ölkə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Bu sənədə əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın möhkəmləndirilməsi məqsədilə Strateji İşçi Qrupu yaradılacaq və altı ay ərzində Xartiyanın layihəsi hazırlanacaq. Qrupun fəaliyyətində enerji, ticarət, tranzit marşrutları, süni intellekt, rəqəmsal infrastruktur, müdafiə və təhlükəsizlik, həmçinin terrorizmə qarşı mübarizə sahələri prioritet olacaq. Bu proses nəticəsində ikitərəfli əlaqələr yalnız siyasi deyil, həm də institusional bazada möhkəmlənəcək.
Vaşinqton səfərinin siyasi baxımdan ən önəmli hadisələrindən biri də ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması oldu. Bu düzəliş 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycan–ABŞ münasibətlərinə mənfi təsir göstərən, ölkəmizə qarşı əsassız məhdudiyyətlər tətbiq edən bir hüquqi normativ idi. Onun tətbiqinin dayandırılması Vaşinqtonun region siyasətində yeni yanaşmaya keçdiyinin və Azərbaycanla münasibətləri real tərəfdaşlıq əsasında qurmaq niyyətinin göstəricisidir. Prezident İlham Əliyevin ABŞ Prezidenti ilə görüşündə bu məsələnin həll edilməsi diplomatiyamızın prinsipial mövqeyinin bir təzahürüdür.
Səfərin iqtisadi əməkdaşlıq sahəsində ən diqqətçəkən nəticələrindən biri SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum”un imzalanması oldu. Bu sənəd Azərbaycanın enerji sektorunda fəaliyyət göstərən ən iri beynəlxalq şirkətlərdən biri ilə əməkdaşlığını yeni mərhələyə daşıyır. Memorandum həm ənənəvi neft və qaz sahələrində, həm də qeyri-ənənəvi enerji imkanlarının araşdırılması istiqamətində tərəflərə geniş əməkdaşlıq imkanı verir. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın enerji təhlükəsizliyi sahəsində qlobal mövqelərini daha da möhkəmləndirəcək.
Beləliklə, Prezident İlham Əliyevin Vaşinqtona işgüzar səfəri bir çox strateji nəticələr verdi. Birgə Bəyannamənin imzalanması, Strateji Tərəfdaşlıq Xartiyası istiqamətində ilk addımın atılması, 907-ci düzəlişin dayandırılması, Naxçıvan bağlantısına ABŞ dəstəyi və SOCAR–ExxonMobil əməkdaşlığı – bunların hər biri ölkəmizin milli maraqlarına xidmət edən mühüm nailiyyətlərdir.
Bu səfər Azərbaycanın beynəlxalq aləmdə siyasi çəkisinin artması, diplomatik kursunun uğurla həyata keçirilməsi və Prezident İlham Əliyevin strateji baxışının praktiki nəticələr verdiyinin sübutudur. Səfərin yekunları göstərir ki, dövlətimizin diplomatiyası regional və qlobal miqyasda öz sözünü deyə bilən, qarşıya qoyduğu hədəflərə nail olan güclü aktor kimi mövqelərini möhkəmləndirməkdə davam edir.