Xəbərlər
“44 gün - Tarixi Zəfər”
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Xatirə Kitabı Redaksiyasının birgə təşkilatçılığı ilə “44 gün - Tarixi Zəfər” adlı çoxcildlik kitabının IV cildinin təqdimat mərasimi baş tutub.
Təqdimat mərasiminin rəsmi hissəsindən öncə Yasamal rayonu ərazisində yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb.
Daha sonra YAP Yasamal rayon təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi yad edilib.
Respublika Xatirə Kitabı Redaksiyasının nəşrlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Respublika Xatirə Kitabı Redaksiyasının 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Ceyhun Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Cəlil Xəlilov, Xalq qəzetinin baş redaktoru Əflatun Amaşov, Vətən müharibəsi şəhidi Nurlan Mustafayevin anası, “H.Cavid pr. 33a” (“Bakı Metropoliteni” QSC) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova və Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev çıxış ediblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu güclü dövlətçilik və ordu quruculuğu siyasəti 44 günlük Vətən müharibəsində tarixi Zəfərin əsasını formalaşdırdı. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi ilə tarixi Qələbəyə imza atdı. Bu Zəfər dövlətimizin siyasi iradəsinin, ordumuzun peşəkarlığının və xalq-ordu birliyinin parlaq təzahürü oldu. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin edildi. Qazanılan bütün uğurlar şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı hesabına mümkün oldu. “44 gün - Tarixi Zəfər” çoxcildlik nəşri isə bu qəhrəmanlıq yolunun unudulmamasına xidmət edən mənəvi abidədir. Bu nəşr vahid tarixi konsepsiya yaradaraq Zəfərin siyasi və mənəvi mahiyyətini əks etdirir.
Sonra “44 gün - Tarixi Zəfər” çoxcildlik kitabının IV cildi iştirakçılara təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
