YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın diplomatik uğuru və regionda yeni sülh mərhələsi

Ramil Mirzəyev
YAP Xətai rayon təşkilatının sədri

2026-cı il mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısında videobağlantı formatında çıxış edərək həm Azərbaycanın beynəlxalq nüfuzunu, həm də regionda formalaşan yeni siyasi reallıqları bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Prezident İlham Əliyevin çıxışı təkcə Azərbaycanın diplomatik mövqeyinin təqdimatı deyil, eyni zamanda Cənubi Qafqazda davamlı sülhün mümkünlüyünü göstərən mühüm siyasi mesaj kimi yadda qaldı.

Dünyanın siyasi gündəminin sürətlə dəyişdiyi, geosiyasi risklərin artdığı bir dövrdə Azərbaycanın beynəlxalq platformalarda nümayiş etdirdiyi balanslı və prinsipial siyasət ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin çıxışı da məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycanın həm Avropa ilə münasibətlərdə konstruktiv tərəfdaş olduğunu, həm də regionda sabitlik və əməkdaşlıq mühitinin yaradılması istiqamətində ardıcıl addımlar atdığını açıq şəkildə nümayiş etdirdi.

Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul olunması ölkəmizə göstərilən böyük etimadın nəticəsidir. Xüsusilə diqqət çəkən məqam ondan ibarət oldu ki, Ermənistan da Azərbaycanın namizədliyini dəstəkləmişdir. Bu fakt dövlət başçısının vurğuladığı kimi, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının mühüm göstəricilərindən biridir. Uzun illər davam edən münaqişə və qarşıdurmadan sonra bu cür siyasi dəstəyin nümayiş etdirilməsi regionda yeni münasibətlər sisteminin formalaşdığını göstərir.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, Prezident Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirilən görüşlər zamanı qarşılıqlı anlaşma və balanslı yanaşma prinsipləri əsas götürülmüşdür. Dövlət başçısının qeyd etdiyi kimi, bir il əvvəl Tiranada keçirilən görüş zamanı Ermənistanın 2026-cı il Zirvə toplantısına ev sahibliyi etməsi ideyasına Azərbaycan tərəfindən dəstək verilmişdir. Bunun qarşılığında isə növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklif olunmuş və bu təşəbbüs qəbul edilmişdir.

Bu məqam Azərbaycanın beynəlxalq münasibətlər sistemində konstruktiv və praqmatik siyasət həyata keçirdiyini bir daha sübut edir. Azərbaycan heç vaxt regionda qarşıdurmanın davam etməsində maraqlı olmayıb. Əksinə, ölkəmiz daim əməkdaşlıq, qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsiplərinə əsaslanan münasibətlərin tərəfdarı kimi çıxış edib. Ermənistanın da Azərbaycanın namizədliyini dəstəkləməsi göstərir ki, region dövlətləri artıq yeni siyasi mərhələnin vacibliyini anlayırlar.

Prezident İlham Əliyevin “Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik” fikri isə çıxışın ən mühüm mesajlarından biri oldu. Bu ifadə həm bölgədə yaranmış yeni reallığın mahiyyətini açıqlayır, həm də gələcək üçün ciddi ümidlər formalaşdırır. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi və hüquqi reallıq yaradıb. Ərazi bütövlüyünü və suverenliyini tam təmin edən Azərbaycan indi regionun inkişafı, kommunikasiyaların açılması və uzunmüddətli sülhün təmin olunması istiqamətində mühüm təşəbbüslərlə çıxış edir.

Müasir dövrdə beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olmaq olduqca mühüm amildir. Azərbaycan son illərdə enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri, multikulturalizm siyasəti və beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakı ilə özünü etibarlı dövlət kimi təsdiq edib. “Avropa Siyasi Birliyi” kimi nüfuzlu platformanın Zirvə görüşünün 2028-ci ildə Azərbaycanda keçirilməsi qərarı da məhz bu etimadın göstəricisidir.

Azərbaycan Avropa ilə münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan siyasət həyata keçirir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolu xüsusilə artıb. Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən ölkəmiz eyni zamanda nəqliyyat və kommunikasiya layihələri ilə Şərq ilə Qərb arasında strateji körpü rolunu oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində də böyük nüfuz qazanıb.

“Avropa Siyasi Birliyi” platforması Avropa qitəsində siyasi dialoqun və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bu platformada fəal iştirakı ölkəmizin Avropa ilə münasibətlərə verdiyi önəmi nümayiş etdirir. Eyni zamanda, Azərbaycanın ev sahibliyi edəcəyi 2028-ci il Zirvə görüşü ölkəmizin beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkilində malik olduğu təcrübəni də ortaya qoyacaq.

Azərbaycan indiyədək bir sıra mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. Bakı artıq beynəlxalq konfransların, siyasi forumların və qlobal müzakirələrin keçirildiyi mühüm mərkəzlərdən birinə çevrilib. Bu baxımdan “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq imicinə və diplomatik mövqeyinə əlavə töhfə verəcək.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də sülh prosesinə verilən siyasi qiymət oldu. Dövlət başçısı açıq şəkildə göstərdi ki, Azərbaycan regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlıdır. Ermənistanın Azərbaycanın namizədliyini dəstəkləməsi isə qarşılıqlı etimadın müəyyən səviyyədə formalaşmağa başladığını göstərir. Bu, gələcəkdə regionda daha geniş əməkdaşlıq imkanlarının yaranmasına zəmin yarada bilər.

Bu gün Azərbaycan qalib dövlət kimi yalnız hərbi deyil, siyasi və diplomatik müstəvidə də mühüm uğurlara imza atır. Prezident İlham Əliyevin beynəlxalq platformalarda nümayiş etdirdiyi qətiyyətli mövqe Azərbaycanın milli maraqlarının uğurla müdafiə olunmasını təmin edir. Dövlət başçısının həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi güc mərkəzinə çevrilib. Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin VIII Zirvə toplantısındakı çıxışı Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini, regionda yeni siyasi münasibətlər sisteminin formalaşdığını və sülh üçün real imkanların yarandığını bir daha nümayiş etdirdi. 2028-ci ildə Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, uğurlu diplomatiyasının və Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin parlaq nəticəsidir.