YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi strateji hədəflərdəndir

Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışı bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı, dayanıqlı iqtisadi inkişafın təmin edilməsində yol xəritəsidir. Ulu Öndərin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəni təmin edən neft strategiyasının davamlı uğurları bu gün ölkəmizin hərtərəfli inkişafında özünün aydın ifadəsini tapır. Belə ki, neft gəlirlərindən səmərəli istifadə edilməsi qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımların atılmasına stimul verir. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması həm ölkənin dayanıqlı iqtisadi inkişafına təmin edir, həm də hər hansı bir çətinlikdən uğurla çıxmasına yol açır. Dünya istər iqtisadi və maliyyə böhranının geniş vüsət aldığı, istərsə də koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldığı dövrlərdə bunun bir daha şahidinə çevrildi. İqtisadi islahatların dövrün çağırışlarına uyğun olaraq təkmilləşdirilməsi, mühüm sosial layihələrin icrası, əhalinin məşğulluq və işsizlik problemlərinin həllinin hər zaman diqqətdə saxlanılması, bir sözlə, vətəndaş məmnunluğunun artırılması Azərbaycanın daim iqtisadi inkişafı ilə diqqətdə olmasını şərtləndirir.

Bu gün artıq digər bölgələrimiz kimi, işğaldan azad edilmiş ərazilərimizin malik olduqları iqtisadi potensialdan səmərəli istifadə məsələsi də gündəmdədir. Azərbaycan rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi hər zaman beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur. Ən islahatçı ölkə kimi tanınır, nüfuz qazanır. Bütün bunlar Azərbaycanın hər zaman dövrün çağırışlarının yüksək səviyyədə cavablandırmasından, iqtisadi inkişaf strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən müəyyənləşdirməsindən irəli gəlir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev 2003-cü ildə bu çağırışı etdi ki, biz neft kapitalını insan kapitalına çevirməliyik. İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Enerji sektorundan asılılıq minimuma endirilməlidir. Bu gün həmin hədəflərin reallıqda öz əksini tapdığını görürük. May ayının 25-də dövlət başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bütün bu məqamlar geniş təhlil edildi.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı vurğulayıb ki, ölkəmizdə qeyri-neft sektorunun əsas inkişaf prioritetlərindən biri kənd təsərrüfatıdır. Dövlətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir ki, Azərbaycan nəinki bir çox məhsullara olan tələbatını yerli istehsal hesabına ödəyir, hətta xaricə də ixrac edir. Qeyri-neft sektorunun inkişafı ilə yanaşı, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafı təmin edilmiş, əkinəyararlı torpaqlardan və mövcud su resurslarından səmərəli istifadə istiqamətində mühüm addımlar atılmış, minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə cəlb olunmuş və nəticədə kənd təsərrüfatı məhsullarının istehsalında davamlı artım meyilləri formalaşmışdır.

Prezident İlham Əliyev müşavirədə torpaqlardan səmərəli istifadə, kənd təsərrüfatı texnikası ilə təminat, gübrə istehsalının artırılması, su təchizatı, aqroparkların yaradılması, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı və sair kimi məsələlərdən geniş bəhs etdi. Diqqəti ilk dəfə Prezident seçildikdən sonra qəbul edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına yönəldərək bu sənədin icrası nəticəsində qazanılan uğurlardan da danışdı. Vurğuladı ki, kənd təsərrüfatı sahəsinə daim çox böyük diqqət göstərilir: “Hələ ilk dəfə prezident vəzifəsinə seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.”

Vüqar Rəhimzadə qeyd edib ki, regional inkişaf proqramlarının uğurlu icrası şəhərlə kənd arasında müəyyən fərqlərin aradan götürülməsini də təmin etdi. Bir faktı qeyd etmək kifayətdir ki, hazırda paytaxt Bakı ilə yanaşı, bölgələrimiz də iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində müzakirə edilən kəndlərdən şəhərlərə olan axın məsələsinə diqqəti yönəldərək bildirdi ki, bu, təkcə ölkəmiz deyil, bütün ölkələr üçün xas olan mənfi meyildir. Ancaq bəzi ölkələr, sadəcə olaraq, bu məsələnin həlli üçün imkan tapa bilmir, yaxud da ki, düzgün strategiya işləyə bilmirlər. Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Regional inkişaf proqramlarının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır.  Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələri də uğurla həyata keçirilib. Bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət alıb. Bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Milli Məclisin deputatı bildirib ki, ölkə iqtisadiyyatına yatırılan investisiyaların böyük həcminin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin inkişafının prioritetliyi ilə yanaşı, mövcud imkanlarımızın da təqdimatıdır. Azərbaycan investisiya cəlbediciliyə malik ölkədir. Ölkəmizdə mühüm investisiya mühiti mövcuddur. Prezident İlham Əliyev müşavirədə bu çağırışı da etdi ki, həm güzəştli kreditlər, həm digər alətlərdən istifadə etməliyik ki, Azərbaycan sahibkarlarının kənd təsərrüfatının inkişafına sərmayə qoymasına daha böyük həcmdə nail olaq. Eyni zamanda, xarici investorları həm məlumatlandırmalıyıq, həm də təşviq etməliyik. Çünki bu gün Azərbaycanın beynəlxalq əlaqələri çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Azərbaycan dünya miqyasında çox yüksək reputasiyaya malikdir. Bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlıq etmək istəyirlər. Ölkəmizdə bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradılır.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan ixrac imkanlarını genişləndirmək üçün zəruri olan bütün imkanlardan maksimum istifadə etməyə səy göstərir. Bir sözlə, kənd təsərrüfatı sahəsində məhsuldarlığın artırılması, ekoloji təmiz məhsul istehsalı və işğaldan azad edilmiş ərazilərin aqrar potensialının dirçəldilməsi ölkənin iqtisadi modelinin mərkəzində dayanır. Fermerlərə verilən subsidiyaların tam rəqəmsallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, şəffaflığın təmin edilməsi, güzəştli kreditlərin fermerlər üçün əlçatanlığının artırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi və kiçik ailə təsərrüfatlarının dəstəklənməsi əsas prioritetlərdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hisəsidir. Daxili tələbatın yerli məhsullarla ödənilməsi və ixrac coğrafiyasının şaxələndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Əvvəldə də qeyd etdiyimiz kimi, işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafına xüsusi diqqət göstərilir. Bu bölgələrdə üzümçülüyün, taxılçılığın, pambıqçılığın və heyvandarlığın inkişafı üçün çox böyük potensial vardır. Bu potensialdan səmərəli istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq. Artıq bu bölgələrdə də aqroparkların yaradılmasına xüsusi diqqət göstərilir.

Millət vəkili bildirib ki, hədəflər uğurların davamlılığında stimulverici amildir. Onlara yüksək səviyyədə və zamanında nail olmaq üçün Dövlət proqramlarının qəbuluna böyük ehtiyac yaranır. Bu baxımdan dövlət başçısı İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nı qeyd etmək istərdik. Məqsəd nəzərdə tutulan dövr üçün aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsi, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsi, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, balıqçılıq və akvakultura sahələrinin inkişafıdır.