Xəbərlər
"Milli Qurtuluş Günü müstəqil Azərbaycanımızın şanlı səhifəsidir"

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü müstəqil Azərbaycanımızın şanlı səhifəsidir” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, Ümummilli Liderin xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Dövlət Himni səsləndirilib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Zahid Xəlilov, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyi Nəsimi rayon şöbəsinin müdiri Azər Quliyev, Nəsimi rayon Ağsaqqallar Şurasının sədr müavini İmamverdi Həmidov, RİH yanında İctimai Şuranın sədr müavini Sənan Hüseynov qeyd ediblər ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir.
Vurğulanıb ki, 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, respublikanın inkişafının sarsılmaz təməlləri qoyuldu.