YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli qurtuluşdan müstəqil Azərbaycana”

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli Qurtuluşdan Müstəqil Azərbaycana” mövzusunda konfrans keçirilib.

YAP Xəzər rayon təşkilatında keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 15 iyun Milli Qurtuluş Gününə həsr olunan film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədovun sözlərinə görə, tarixdə elə taleyüklü məqamlar olur ki, xalqın və dövlətin gələcəyini müəyyən edir, sabitlik və tərəqqi yolunda əsaslı dönüş yaradır. Azərbaycan üçün belə mühüm mərhələlərdən biri 1993-cü ilin iyun ayında baş verdi. O illərdə ölkə ağır siyasi böhranla üz-üzə qalmış, vətəndaş qarşıdurmaları, separatçılıq meyilləri, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü cəmiyyətdə dərin təşviş və ümidsizlik yaratmışdı. Dövlət institutları zəifləmiş, idarəetmədə xaos və özbaşınalıq hökm sürürdü. Belə bir həssas və təhlükəli şəraitdə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı dövlətçiliyin xilasına yönəlmiş qətiyyətli addım idi. 1993-cü il iyunun 15-də Ulu Öndərin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə ölkədə yeni dövr başlandı. 15 İyun Milli Qurtuluş Günü məhz bu xilaskarlıq missiyasının, milli həmrəylik və güclü iradənin rəmzinə çevrildi. Həmin gün müasir, hüquqi və dayanıqlı dövlətçilik ənənələrinin bərqərar edildiyi, sabitlik və inkişaf yoluna qədəm qoyulduğu bir tarix kimi yaddaşlara həkk olundu.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyev Qarabağ münaqişəsində atəşkəsin əldə olunmasını həm ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi, həm də regionda sülh və sabitliyin bərqərar olması baxımından mühüm strateji addım kimi dəyərləndirmişdi. Yəni 1994-cü il mayın 12-də Ermənistanla imzalanan atəşkəs sazişi ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyırdı. Bu sənəd təkcə döyüşlərin dayandırılmasına deyil, həm də ordu quruculuğuna və iqtisadi sabitliyin bərpasına şərait yaratdı. Yaranan sabitlik mühiti isə sosial islahatların həyata keçirilməsinə, idarəetmə sisteminin təkmilləşdirilməsinə və Azərbaycanın beynəlxalq arenada mövqeyinin möhkəmlənməsinə əlverişli imkanlar formalaşdırdı.

Çıxış edən “Dendrologiya Bağı” Publik Hüquqi Şəxsinin sədr müavini Samirə Bağırova, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov  vurğulayıblar ki, 15 İyun – Azərbaycanın gələcək Zəfərinin başlanğıc nöqtəsi olub. 1993-cü ildən başlayan sabitlik və inkişaf siyasəti nəticəsində Azərbaycanın iqtisadiyyatı güclənib, beynəlxalq nüfuzu artıb, ordusu modernləşib. Bu dövlət modeli 2020-ci ildə özünü tam təsdiqləyib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı 44 gün ərzində azad edib. Bu Zəfər təkcə hərbi uğur deyil, bu, 27 illik strateji dövlət quruculuğunun nəticəsidir.

Tədbirdə Xəzər rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslər Fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının himni ilə sona çatıb.