Xəbərlər
"15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür"

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “15 iyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası günüdür” mövzusunda konfrans keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.
YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Qərbi Azərbaycan İcmasının Mingəçevir şəhəri üzrə nümayəndəliyinin rəhbəri Mayıl İsmayılov, Mingəçevir Dövlət Universitetinin baş müəllimi Gülnarə Qurbanova Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən birinin tariximizə qızıl hərflərlə yazılmış 15 İyun - Milli Qurtuluş Günü olduğunu deyiblər. Qeyd olunub ki, bu tarixi yaradan Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli Lider Heydər Əliyevdir. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas olub, respublikanın inkişafının sarsılmaz təməlləri qoyulub. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin başladığı uğurlu siyasi xətti qətiyyət və bacarıqla davam etdirir. Artıq Milli Qurtuluş Gününü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, Qələbə ovqatı ilə qeyd edirik.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına üzv olan gənclərə partiyanın vəsiqəsi təqdim olunub.