Xəbərlər
44 günlük Vətən müharibəsi ordu quruculuğunun ən parlaq nəticəsi idi

Rüstəm Nağıyev
YAP Gədəbəy rayon təşkilatının sədri
Hər millətin qürur mənbəyi var. Hər xalqın ürəyini döyündürən, alnını ucaldan, ruhunu zirvəyə qaldıran müqəddəs dəyərləri var. Bizim də qürur mənbəyimiz var. Bu Azərbaycan Ordusudur. Bəli, bu ordu – bizim gücümüzdür, əzəmətimizdir, iftixarımızdır.
Bu ordu Azərbaycanın şərəfini qoruyan, düşmənin gözünə od salan, dostun sinəsini fəxrlə qabardan əsgər ordusudur.26 İyun sadəcə təqvimdə bir gün deyil. 26 İyun Azərbaycanın qürurunun, xalqın əyilməzliyinin, dövlətimizin sarsılmazlığının simvoludur. Unutmayaq ki, bu ordu xalqın öz əsgəridir. Bu ordu hər birimizin evindən, hər birimizin ocağından, hər birimizin sinəsindən çıxmışdır. Azərbaycan əsgəri Vətəni anasından daha çox sevir, bayrağı öz canından üstün tutur. Azərbaycan əsgəri torpağı namus bilir, şəhidliyi şərəf sayır. Ulu Öndər Heydər Əliyev necə də yerində söyləmişdir: “Ordu xalqın özüdür. Ordu xalqdan doğur, xalq üçün yaşamalıdır”.
Azərbaycan Ordusu xalqın sevgisi ilə böyüdü, xalqın inamı ilə qalib gəldi. O günləri xatırlayın – ordu yox idi, vətən torpaqları işğal olunmuşdu, xalq ümidsizlik girdabında çırpınırdı. Kim gələcəkdi, kim bu xalqı xilas edəcəkdi? Kim bu orduya ruh, güc, yol göstərəcəkdi? Xalqın ümid çırağı sönməkdə ikən Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. O, tarixin hökmü ilə xalqın xilaskarı oldu, Azərbaycan Ordusunun təməlini möhkəm qoydu. Onun əzəmətli kəlamı bu gün də hər bir əsgərin döyünən ürəyində yazılıb: “Müstəqil Azərbaycanın müstəqil ordusu olmalıdır və bu ordu Azərbaycanın gücüdür”. Bu ordu illərlə böyüdü, gücləndi, düşmənin qorxulu yuxusuna çevrildi. Tarix davam etdi. Müstəqil Azərbaycan böyüdü, yeni bir Lider yetişdi – Prezident İlham Əliyev. O, atasının başladığı müqəddəs yolu şərəflə, qətiyyətlə davam etdirdi.
Ali Baş Komadan deyib: “Biz güclü dövlətik, bizim güclü ordumuz var” bunu bütün dünya eşitdi və inanmadı. Amma Azərbaycan Ordusu 2020-ci ildə sübut etdi – bu, sadəcə bir cümlə deyildi, bu, Azərbaycanın yazdığı böyük Zəfər dastanı idi. Azərbaycan əsgəri döyüş meydanında sinəsini sipər etdi, Vətənin sınmış qürurunu öz qanı ilə bərpa etdi. 44 günlük Vətən müharibəsi təkcə torpaq müharibəsi deyildi, bu, tarixi ədalətin qələbəsi idi, bu, xalq-ordu-lider birliyinin mükəmməl təntənəsi idi.
Prezident İlham Əliyevin Qələbə sevincini yaşadığı anda söylədiyi bu sözlər tarixə qızıl hərflərlə yazıldı: “Biz bu Qələbəni xalq-ordu birliyi ilə qazandıq. Bu, bizim ortaq Zəfərimizdir”. İndi biz qürurla deyirik ki, bu ordu artıq müharibədə qalib gəlmiş bir ordudur. Bu ordu yalnız müdafiəçi deyil, bu ordu torpaq azad edən, düşməni diz çökdürən, bayrağı Qarabağda ucaldan bir əsgər ordusudur. Şuşa qalasının zirvəsində dalğalanan bayraq əsgərimizin imzasıdır. Füzulidə ucalan bayraq xalqımızın qürurudur. Xudafərin körpüsündə açılan səhər bizim gələcəyimizdir.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Azərbaycan Ordusu bu gün təkcə regionun deyil, dünyanın ən güclü orduları sırasında yer almaqdadır. Biz bu gücü öz əsgərimizin cəsarəti, xalqımızın birliyi ilə yaratdıq”. 26 İyun təkcə bayram deyil, bir millətin qürur zirvəsidir. Bu gün əsgərimizin alnında Vətənin qüruru yazılıb, bayrağında Zəfərin rəngi dalğalanır. Bəli, biz fəxr edirik ki, Azərbaycan əsgəri dünyanın ən igid əsgəridir. Biz fəxr edirik ki, Azərbaycan ordusu dünyanın ən ləyaqətli ordusudur.
Prezident İlham Əliyev silahlı qüvvələrin modernləşdirilməsi, hərbi texnologiyaların ən son nümunələrinin Azərbaycan Ordusuna gətirilməsi, şəxsi heyətin peşəkarlığının artırılması üçün ciddi islahatlar həyata keçirdi. Dövlətimizin başçısı İlham Əliyev qətiyyətlə bildirib: “Bizim güclü ordumuz var.Azərbaycan xalqı hər zaman bu ordunun arxasındadır və bu ordu bizim torpaqlarımızı azad edəcək”. Bu tarixi çağırış 2020-ci ilin Vətən müharibəsində şanlı Qələbə ilə gerçəkləşdi. Azərbaycan Ordusu 30 illik işğala 44 gündə son qoyaraq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu, sadəcə bir hərbi qələbə deyildi, xalqın öz milli ləyaqətini bərpa etməsi, tarix qarşısında ədalətin bərqərar olması idi. Ali Baş Komandan İlham Əliyevin cəbhə ilə siyasi meydanı birləşdirən bu möhtəşəm ifadəsi həmin günlərin yaddaşında əbədi qaldı: “Azərbaycan öz gücünü döyüş meydanında sübut etdi. Biz bu qələbəni ordu-xalq birliyi ilə qazandıq”. Azərbaycan Ordusu bir əfsanəyə çevrildi. Şanlı ordumuz yalnız torpaqları azad etmədi, bir millətin inamını, qürurunu və tarixi haqqını geri qaytardı.