YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Silahlı Qüvvələri Günü qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 26 İyun - Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə “Qalib Azərbaycan Ordusu: qürur mənbəyi və yüksək peşəkarlıq nümunəsi” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Respublikası Silahlı Qüvvələri tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov, Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Vaqif oğlu Əliyevin həyat yoldaşı Vüsalə Əliyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları 1918-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin - Milli Ordunun yaradılması tarixi və zərurəti barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə iyunun 26-sı Azərbaycan Silahlı Qüvvələri Günü elan edilərək hər il təntənə ilə qeyd olunur. Ulu Öndərin dövlətçilik məktəbinin davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin misilsiz səyləri nəticəsində Azərbaycan Ordusu daha da güclənib və dünyanın ən güclü orduları sırasında öz yerini tutub.

Qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələri tariximizə Vətən müharibəsi kimi daxil olan İkinci Qarabağ savaşı zamanı dünya hərb tarixinin ən şanlı səhifələrindən birini yazıb. 44 günlük müharibənin gedişində dünya dövlətimizin qüdrətinin, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının sarsılmaz birliyinin və əzminin şahidi olub. Beynəlxalq ictimaiyyət bir daha Prezident, Ali Baş Komandan İlham Əliyevi praqmatik lider, güclü sərkərdə və nüfuzlu dövlət xadimi kimi daha yaxından tanımaq imkanı əldə edib.

Diqqətə çatdırılıb ki, Milli Ordunun yaranması gününü artıq qalib xalq kimi qeyd edirik. “Bu mənada təsadüfi deyil ki, bu gün qalib Azərbaycan Ordusu hər bir azərbaycanlının qürur və fəxarət mənbəyidir”.

Natiqlər şanlı Silahlı Qüvvələrimizin yaranmasının 107-ci ildönümü ərəfəsində Qarabağın və Şərqi Zəngəzurun hər qarışında üçrəngli bayrağımızın qürurla dalğalanmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna minnətdarlıq ifadə ediblər.

Çıxışlardan sonra respublikamızın və Nizami rayonunun ictimai həyatında fəal iştirak edən bir qrup şəhid ailəsi nümayəndələrinin və qazilərin təltifetmə mərasimi keçirilib.