Xəbərlər
Samuxda 8 Noyabr - Zəfər Günü münasibətilə sərgi təşkil edilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının, Samux Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Samux rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı 8 Noyabr - Zəfər Günü münasibətilə məktəblilərin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov iştirakçıları 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib. O, sentyabrın 27-dən başlayan və 44 gün davam edən, işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə çevrildiyini vurğulayıb. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər Prezident İlham Əliyevin müdrik rəhbərliyinin, düşünülmüş siyasətinin, qətiyyət və prinsipiallığının məntiqi nəticəsidir.
Gündüz Bayramov bildirib ki, sərginin keçirilməsində əsas məqsəd Samux rayonunda gənclərin vətənpərvərlik ruhunda tərbiyəsini gücləndirmək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı və qazanılmış tarixi Zəfəri məktəblilərin əsərlərində əks etdirmək, istedadlı uşaqları üzə çıxarmaq və onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdir.
Tədbirin sonunda iştirakçılar sərgi ilə tanış olublar. Ziyarətçilərə vətənpərvərlik mövzusunda müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri təqdim olunub.
