Xəbərlər
Vətən müharibəsində qazanılan tarixi Zəfər xalqımıza misilsiz qürur hissi yaşadıb
Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son beş ildə öz tarixində bənzəri olmayan bir mərhələni keçdi. Onun uzun illər ərzində formalaşdırdığı strateji baxış, milli maraqlara söykənən siyasət və xalqın gücünə əsaslanan idarəçilik modeli nəticəsində 2020-ci ilin payızında Azərbaycan tarixi ədaləti bərpa etdi. Qarabağın azadlığı təkcə ərazi qələbəsi deyil, həm də milli qürurun, birliyin və müstəqil dövlət düşüncəsinin təntənəsi idi. 44 gün davam edən Vətən müharibəsi sübut etdi ki, Prezident İlham Əliyevin siyasi iradəsi və ordunun yüksək döyüş ruhu birləşdikdə, heç bir güc Azərbaycanın yolunu kəsə bilməz. 8 noyabr – Zəfər Günü bu birliyin, bu inamın və bu əzmin simvoluna çevrildi.
Tarixin müxtəlif mərhələlərində xalqımız çoxsaylı sınaqlardan keçib. Lakin son onilliklərdə baş verənlər göstərdi ki, dövlətin idarəçiliyində ardıcıllıq və prinsipiallıq millətin taleyini dəyişə bilər. 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin iyul hadisələri və illərlə pozulan atəşkəslər Azərbaycanın səbrinin son nöqtəsini müəyyənləşdirdi. O vaxtdan etibarən İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni hərbi strategiya, informasiya müharibəsindəki diplomatik qələbələr və beynəlxalq aləmdə Azərbaycanın haqlı mövqeyinin tanınması 44 günlük müharibənin zəminini hazırladı. Həmin zəfər həm də 30 illik gözləntinin, itirilmiş torpaqlara inamın və milli ruhun bərpası idi.
Prezident İlham Əliyevin dövlətçilik fəlsəfəsi Ümummilli Lider Heydər Əliyevin yaratdığı milli ideologiya məktəbinin ardıcıl və yaradıcı davamıdır. O, atdığı hər addımda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi prinsipləri milli maraqlara sadiqlik, dövlət müstəqilliyinin qorunması və xalqla həmrəyliyin təmin olunması ideyasını müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirdi.Prezident İlham Əliyev tarixi şəxsiyyətlərimizin irsini yaşatmaq, istiqlal düşüncəsini gələcək nəsillərə ötürmək və bu dəyərləri dövlət idarəçiliyinin əsas sütununa çevirmək istiqamətində mühüm addımlar atdı. Onun təşəbbüsü ilə İstiqlal Bəyannaməsinin abidələşdirilməsi, Bayraq meydanlarının yaradılması, “Cümhuriyyət ili”nin elan olunması və Azərbaycan Xalq Cümhuriyyəti banilərinin irsinin dövlət səviyyəsində təbliği milli yaddaşın yenilənməsinə xidmət etdi. Bu siyasət nəticəsində xalqda istiqlal duyğusu daha da gücləndi, müstəqil dövlətçilik ideyası isə həm siyasi, həm də mənəvi planda möhkəmləndi.
Müasir dünyanın ziddiyyətli mənzərəsində Prezident İlham Əliyevin siyasəti milli maraqların qorunmasına yönəlmiş müdrik bir balans yaradır. Qlobal güclərin toqquşduğu bir dövrdə o, Azərbaycanın suverenliyini və regional nüfuzunu qoruyaraq, beynəlxalq arenada ölkənin səsini ucaltdı. Türk dövlətləri ilə münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi, Şuşa və Qəbələ zirvələrinin təşkil olunması, Türk Dövlətləri Təşkilatında Azərbaycanın fəal rolu bu siyasətin konkret nəticələridir. 2024-cü ildə Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı imzalanan Sərəncam isə həm tarixi irsə hörmətin, həm də türk birliyinə sadiqliyin bariz ifadəsidir.
44 günlük müharibə dövründə yaranan milli həmrəylik və dövlət–xalq birliyi sonrakı illərdə quruculuq prosesinə çevrildi. Azad edilmiş ərazilərdə infrastrukturun bərpası, “ağıllı kənd” layihələrinin icrası, yolların, məktəblərin, xəstəxanaların tikilməsi artıq yeni inkişaf mərhələsinin əsasını qoyur. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu layihələr təkcə şəhərlərin və kəndlərin yenidən qurulması deyil, həm də həyatın, yaddaşın və mənəvi bütövlüyün bərpasıdır. Bu, Zəfərin davamı və gələcəyə yönəlmiş yeni mərhələnin başlanğıcıdır.
Bu gün Azərbaycan yeni bir dövrün astanasındadır, bərpa olunan torpaqlarında qurulan həyat, milli mədəniyyətin canlanması və gənc nəslin vətənpərvərlik ruhunda yetişməsi bu dövrün əsas göstəricilərindəndir. Prezident İlham Əliyevin gələcəyə yönəlik baxışı, dövlətin modernləşmə strategiyası və dayanıqlı inkişaf planları xalqı inandırır ki, 2020-ci ildə qazanılan Qələbə təkcə bir savaşın nəticəsi deyil, bütöv Azərbaycanın gələcək nəsillərinə ötürüləcək milli irsidir.
