Xəbərlər
“Azərbaycan Zəfərlər ölkəsidir”
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində tarixi Qələbəmizin 5-ci ildönümününə həsr olunmuş “Azərbaycan Zəfərlər ölkəsidir” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Qazax şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanı ziyarət olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbir barədə ətraflı məlumat verib: “2025-ci il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində möhtəşəm Qələbəmizin 5-ci ildönümüdür. Beş il əvvəl Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində Azərbaycan xalqının mübarizliyi və iradəsi, iqtisadi və hərbi gücü, əsgər və zabitlərimizin fədakarlığı, xalq-iqtidar birliyi, Lider - xalq sevgisi nəticəsində ölkəmizin tarixi qələbəsi təmin edildi. Bu gün Azərbaycanın işğaldan azad olunmuş ərazilərində geniş bərpa-quruculuq işləri sürətlə davam etdirilir, Qarabağ və Şərqi Zəngəzurda ən müasir infrastruktur layihələr reallaşdırılır, “Böyük Qayıdış” proqramı uğurla icra olunur, uzun illər sonra öz yurd-yuvalarına geri dönən soydaşlarımızın rahat yaşayışı üçün bütün şəraitlər yaradılır”.
Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qəhrəman şəhidlərimizin, igid qazilərimizin, cəsur hərbiçilərimizin keçdiyi şərəfli döyüş yolundan, misilsiz qəhrəmanlığından ətraflı danışıb.
M.Alıyev mövcud Azərbaycan reallıqlarından, Ulu Heydər Əliyev siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, Azərbaycanın zaman - zaman öz hədəflərinə çatmasından geniş bəhs edib.
Tədbirdə partiya fəallarından Samir Çobanov, Esmira Şıxməmmədova, Pəri İbrahimova, şəhid atası Elxan Abdullayev 8 noyabr - Zəfər Günü ilə bağlı ətraflı çıxış ediblər. Partiya veteranı şair Cavanşir Rüstəm və Kazım Kazımlı Möhtəşəm Zəfərə həsr etdikləri şeirlərini səsləndiriblər.
Sonra Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbələri Zəfər Gününə həsr olunmuş müxtəlif ədəbi - bədii kompazisiya ilə çıxış ediblər.
Tədbirdə YAP Qazax rayon təşkilatının yaradılmasında, təşkilatlanmasında və inkişafında xüsusi xidmətlərinə görə bir qrup partiya veteranı rayon rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunub, hədiyyələr verilib.
Sonda YAP sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
