YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmə dair ciddi dövlət yanaşmasının göstəricisi

“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilmiş tədbirdəki çıxışı bu elm ocağının perspektiv fəaliyyətinin yol xəritəsi oldu”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

R.Vəlibəyov bildirib ki, Prezident İlham Əliyev çıxışında Akademiyanın 80 il ərzində elm sahəsində keçdiyi inkişaf yoluna nəzər saldı, elmə, intellektual potensiala dövlət tərəfindən yetirilən diqqəti vurğuladı, bu elm ocağının gələcək fəaliyyəti və elmi kadrların hazırlığına yönəlmiş çağırışları səsləndirdi: “Prezident İlham Əliyevin tarixi çıxışı AMEA-nın yubileyi çərçivəsində elmə dair ciddi dövlət yanaşmasının göstəricisi oldu. Keçmiş dövrlərin təhlili, indiki imkanların təqdimatı və gələcəyə yönəlmiş planların açıqlanması - bütün bunlar dövlət başçısının çıxışında öz əksini tapdı. Elm adamları, tələbələr, eləcə də geniş ictimaiyyət üçün bu çıxış həm ilhamverici, həm də konkret çağırışlarla zəngin oldu. Xüsusilə də, Azərbaycan tarixinin tədqiq olunması və yeni əsərlərin yazılması, tarixi xəritələrin ictimailəşdirilməsi, Azərbaycan dilinin sağlığının qorunması, süni intellekt və müasir texnoloji yeniliklərin tətbiqi sahəsində dövlət qurumları ilə elm ocaqlarının, alimlərin birgə işləməsi barədə çağırış daha cəlbedici təklif olaraq yaddaşlarda qaldı”.

“Prezident İlham Əliyev AMEA haqqında danışarkən onun keçmişini və indiki vəziyyətini də təhlil etdi, nəinki Akademiyanın, bütövlükdə elm və istehsal sahələri üzrə cəmiyyətimizin qarşısında duran vəzifələri elan etdi” – deyən Ramil Vəlibəyov əlavə edib ki, Prezident İlham Əliyev çıxışı ilə Akademiyanın növbəti illərdə daha yüksək səviyyəyə qalxması üçün strategiyanı müəyyən etdi: “AMEA-nın gələcəkdə daha çox beynəlxalq əməkdaşlıq qurması, xarici ekspertlərlə əlaqələrini genişləndirməsi, tədqiqatların keyfiyyətinin artırılması, müasir elm texnologiyalarının ölkəyə gətirilməsi, elmi fəaliyyətin və institutların optimallaşdırılması, müasir elm infrastrukturunun formalaşdırılması, gənc tədqiqatçılara dəstək proqramlarının genişləndirilməsi və onların elmə cəlb olunması işinin gücləndirilməsi  və digər istiqamətlər tövsiyə və tapşırıqların əsasını təşkil etdi”.

R.Vəlibəyov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çıxışı bir dövlət başçısının elmə verdiyi önəmin açıq ifadəsi oldu: “Bununla da başlanmış islahatların davamı olaraq yeni mərhələyə keçid vurğulandı, elm, təhsil və intellektual potensial məsələləri yalnız elmi dairələrlə məhdudlaşmır, milli inkişafın mühüm komponenti kimi bəyan edildi, ümumilikdə, çıxış həm elm adamlarına mənəvi dəstək, həm də ictimaiyyətə elmə, biliyə yönəlmiş diqqətin daimi olacağına dair siqnal oldu”.