YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT tribunasından dünyaya çağırış

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə işgüzar səfəri böyük tarixi əhəmiyyət daşıyır. Dövlət başçısının belə yüksək səviyyəli tədbirdə iştirakı və  etdiyi çıxışla bir sıra vacib məsələlərə toxunaraq mühüm mesajlar verməsi  Azərbaycanın beynəlxalq arenadakı mövqeyinin möhkəmlənməsi, strateji tərəfdaşlarla əlaqələrin inkişafı və qlobal proseslərdə fəallığının artırılması baxımından xüsusi önəm kəsb edir.

Vaşinqton Sammitində Prezident İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Səfərin ən mühüm məqamlarından biri Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp ilə görüşüdür. Donald Trampın Prezident İlham Əliyev haqqında səsləndirdiyi müsbət fikirlər və iki lider arasında səmimi münasibətlər onu deməyə əsas verir ki, İlham Əliyev qlobal, regional əməkdaşlıq modelində etibarlı tərəfdaş nümunəsidir. Bu həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Eyni zamanda, dövlət başçısının Portuqaliya, Bolqarıstan, Finlandiya, Yunanıstan, Keniya  liderləri və Avropa Şurasının Baş Katibi ilə görüşləri də ölkəmizə artan marağın göstəricisi oldu.

Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında ərazilərimizin işğaldan azad edilməsi məsələsi xüsusi yer tutub. Dövlət başçısı bildirib ki, otuz ilə yaxın müddətdə Azərbaycanın suveren ərazisinin təqribən iyirmi faizi Ermənistanın hərbi işğalı altında qaldı. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti və hərbi cinayətlər nəticəsində bir milyon azərbaycanlı öz yurd-yuvasından didərgin salındı. Onların fundamental insan hüquqları kobud şəkildə pozuldu. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olundu. Təəssüf ki, bu qətnamələr heç vaxt icra edilmədi. Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən heç bir sanksiyaya məruz qalmadığı üçün qətnamələrə nümayişkaranə şəkildə məhəl qoymadı.

1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi. Onun həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar.

Otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi.

Dövlət başçısı azad olunmuş ərazilərdə işgalçının törətdiyi humanitar fəlakətdən və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən bərpa-quruculuq işlərini rəqəmlərlə diqqətə çatdırdı: “Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır”.

Çıxışın önəmli hissələrindən biri də “Tramp Marşrutu” (TRIPP) adlanan yeni regional bağlantı layihəsinə həsr olundu. Bu təşəbbüs yalnız fiziki nəqliyyat marşrutu deyil, həm də davamlı sülh və iqtisadi inteqrasiya vasitəsi kimi təqdim edildi. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın Naxçıvanla, daha geniş mənada isə Mərkəzi Asiya və Avropa ilə birləşdirilməsi regionda kommunikasiya strukturunun yenidən formalaşmasının əlamətidir. TRIPP layihəsi sülhün infrastruktur vasitəsilə təşviq edilməsi konsepsiyasının parlaq nümunəsi kimi qiymətləndirilə bilər və bu baxımdan digər regional münaqişələr üçün presedent təşkil edə bilər.

Dünyanın ən ali tribunasından qalib dövlətin lideri olaraq  Prezident İlham Əliyevin beynəlxalq aləmə ünvanladığı sülh mesajları da diqqət çəkdi. Belə ki, sonda Prezident İlham Əliyevin səsləndirdiyi “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq” çağırışı beynəlxalq ictimaiyyət üçün daha bir mühüm mesaj oldu.