YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbədən sülhə doğru

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

25 sentyabr 2025 -ci il tarixdə Azərbaycan Prezidenti cənab  İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edərək ölkəsinin keçmişindən gələcəyə uzanan yolunu, sülh strategiyasını və beynəlxalq platformada oynamaq istədiyi rolunu qətiyyətlə ortaya qoydu.

Dövlət başçısı çıxışında 30 ilə yaxın müddətdə Azərbaycanın təqribən 20 %-lik torpağının işğal altında qalmasını və bundan doğan insani faciələri xatırlatdı. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamənin işğalın dərhal, tam və qeyd-şərtsiz sonlandırılmasını tələb etdiyini, lakin Ermənistanın bu qətnamələrə əməl etmədiyini vurğuladı.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan 2020-ci ildə özünümüdafiə hüququ çərçivəsində müharibə aparmalı oldu. O, müharibənin beynəlxalq humanitar hüquqa uyğun şəkildə keçirildiyini, mülki şəxslərin müdafiəsinin təmin olunduğunu və qeyri-hərbi obyektlərin hədəfə alınmadığını vurğuladı.

Dövlətimizin başçısı qələbədən dərhal sonra Azərbaycan tərəfindən sülhə çağırışların edildiyini və beş əsas prinsiplə yeni sülh müqaviləsinin layihəsinin irəli sürüldüyünü dedi. Danışıqların 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam etdiyini, müxtəlif təxribata baxmayaraq nəticə verəcəyini bildirdi.

Xüsusilə bu il 8 avqustda Vaşinqtonda ABŞ nəzarəti altında Azərbaycan, Ermənistan arasında paraflanmış sülh müqaviləsi mətni və Birgə Bəyanat imzalandığına diqqət çəkdi.

Dövlət başçısı çıxışında enerji, nəqliyyat və iqtisadi inteqrasiyaya dair planları vurğuladı. O dedi ki, Azərbaycan artıq 14 ölkəyə təbii qaz ixrac edir və enerji təhlükəsizliyində strateji rol oynayır. Bərpa olunan enerji mənbələrinə investisiyanın artacağı, 2030-cu ilə qədər istehsalın 40 %-nin bu mənbələrdən gələcəyi nəzərdə tutulduğu qeyd edildi.

Prezident İlham Əliyev COP29 çərçivəsində iqlim maliyyəsi və karbon bazarlarının rolunu əsaslandırdı. O, “Yeni Kollektiv Kəmiyyət Hədəfi” (NCQG) vasitəsilə inkişaf etmiş ölkələrin inkişaf etməkdə olanlara illik iqlim maliyyəsi ayırmasını tələb etdi.

Xəzər dənizinin ekoloji durumu və onun sürətlə aşağı düşməsi mövzusuna diqqət çəkdi, Xəzəryanı dövlətlərlə birgə fəaliyyət çağırışı etdi.

Çıxışın sonunda Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər yalnız ölkənin deyil, həm də beynəlxalq hüququn üstünlüyünün sübutudur O, ədalətin selektiv olmadığını, ikili standartların olmamasını və dövlətlərin qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığını dünya üçün prioritet kimi irəli sürdü.