Xəbərlər
“Milli Qurtuluşdan başlayan Azərbaycan tarixi”

Yeni Azərbaycan Partiyası (YAP) Salyan rayon təşkilatının təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş “Milli Qurtuluşdan başlayan Azərbaycan tarixi” adlı tədbir keçirilib.
Salyan Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ulu Öndərin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Salyan rayon komitəsinin sədri Aynur Əsgərova, rayon Sitatistika İdarəsinin rəisi Elnur Hüseynov, Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Aynur Hüseynova, Salyan Dövlət Rəsm Qalereyasının direktoru Kürçaylı Məmmədov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Salyan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Əlişir Əliyev, Salyan Dövlət Kukla Teatrının direktoru Yaşar Muradov, “Ziyalılar” Birliyinin sədri Allahverdi Piriyev və digərləri bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəni dərin siyasi və iqtisadi böhrandan xilas edib, dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısını alıb. Çıxışlarda vurğulanıb ki, məhz Ulu Öndərin qətiyyəti, zəngin siyasi təcrübəsi və xalqına sonsuz sevgisi sayəsində Azərbaycan sabitlik və tərəqqi yoluna qədəm qoyub. Bugünkü müstəqil, güclü və qalib dövlətimizin təməli də həmin dövrdə atılıb. Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan bu gün beynəlxalq aləmdə nüfuzlu, etibarlı tərəfdaş kimi tanınır.
Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim edilib.
Sonra tədbir iştirakçıları Salyan Rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyatını və siyasi fəaliyyətini əks etdirən ekspozisiyaya baxış keçiriblər.