YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tariximizin şanlı səhifəsi”

İyunun 12-də Sədərək Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 15 İyun Milli Qurtuluş Gününə həsr olunan “Tariximizin şanlı səhifəsi” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Heydərabad qəsəbəsində yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzlüb.

Sədərək rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə 15 İyun Milli Qurtuluş Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Çıxış edən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə bildirib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun tarixi Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl Qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir.

YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov çıxışında vurğulayıb ki, 15 iyun Milli Qurtuluş Günü bir tərəfdən Ulu Öndər Heydər Əliyevin əzamətinin, qudrətinin, digər tərəfdən isə Azərbaycan xalqının müdrikliyinin və siyasi kamilliyinin təntənəsidir.     Azərbaycanın dəhşətli faciələrlə təkbətək qalmış dövründə dünya şöhrətli siyasətçi və müdrik dövlət xadimi Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə şərəflə həyata keçirdiyi xilaskarlıq missiyası Milli Qurtuluş Günü olaraq şanlı tariximizə qızıl hərflərlə yazılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Zeynəb Quliyeva diqqətə çatdırıb ki, tarix səhifələri müxtəlif xalqların azadlıq, birlik və bərabərlik uğrunda mübarizə salnamələri ilə zəngindir. Lakin bu mübarizələrin uğurla başa çatması üçün taleyin verdiyi fürsətlər az saydadır. Tarixin yetişdirdiyi əlverişli siyasi fürsətləri yalnız doğru dəyərləndirə bilən xalqlar və liderlər dövlətçilik təcrübəsini yeni mərhələyə daşıya biliblər.

Sonra Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim olunub.

Tədbir Sədərək rayon Mədəniyyət şöbəsi tərəfindən təqdim olunan bədii hissə ilə başa çatıb.