YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qurtuluşdan Zəfərə - Azərbaycanın dönüş nöqtəsi

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

15 İyun – Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün dərin ictimai, siyasi və tarixi əhəmiyyətə malikdir. Həmin gün xalqımızın taleyində dönüş nöqtəsi kimi yadda qalmış, əsl qurtuluş tarixinə çevrilmişdir.

Müasir, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyev xalqımızın milli qurtuluş tarixini yaradaraq müstəqilliyimizin qorunub saxlanması, möhkəmlənməsi və inkişafında müstəsna rol oynamışdır.

Ulu Öndərin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı ilə ölkəmiz üzləşdiyi bütün bəlalardan, ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, bugünkü güclü, qüdrətli, qalib Azərbaycanın sarsılmaz təməlləri qoyuldu. Ümummilli Lider öz xilaskarlıq missiyası ilə ölkəmizi vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdi. 

Ölkəmizin müstəqilliyinin bərpasının ilk illərində baş verənlərə nəzər saldıqda Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalını, getdikcə gərginləşən iqtisadi-siyasi, sosial vəziyyəti  görərik. Qədirbilən Azərbaycan xalqı yaxşı bilirdi ki, ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir lider, yeganə şəxsiyyət Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Naxçıvandan Bakıya gəldi. Dahi şəxsiyyət Heydər Əliyev xalqın arzusu, təkidli tələbi ilə haklimiyyətə gələn kimi Azərbaycanı real təhlükələrdən xilas etməklə yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirdi və bu istiqamətdə ilk mühüm addımlar atdı. Ulu Öndərin gərgin fəaliyyəti, səyləri nəticəsində ictimai-siyasi sabitlik bərqərar olundu, böyük təhlükə mənbəyi olan qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı. 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən yeni Konstitusiya qəbul olundu, zəruri islahatlar aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına start verildi.

Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Tariximizin ən parlaq səhifələrindən biri olan Milli Qurtuluş Günü ölkəmizin xaosdan, anarxiyadan,  parçalanma təhlükəsindən qurtulduğu, ölkəmizin taleyinin dəyişdiyi, bugünkü qüdrətli, qalib Azərbaycanın təməlinin qoyulduğu gündür.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində düşmən ordusunu darmadağın etdi. Beləliklə, Ümummilli Liderin arzuları reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə  üçrəngli bayrağımız qürurla dalğalanır.

Reallıq odur ki, Ulu Öndər Heydər Əliyevin ideyaları Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır. Azərbaycanın əldə etdiyi uğurlar, qazandığı zəfərlər əminliklə deməyə əsas verir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız daha yüksək zirvələr fəth edəcək.