Xəbərlər
Şəmkirdə 15 İyun Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatı “15 İyun – Azərbaycanın Qurtuluş Günü, Dövlətçilik tariximizin dönüş nöqtəsi” adlı tədbir keçirib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Milli Qurtuluş Gününün tariximizdəki yerindən söz açaraq bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.
F.Vəliyev 1993-cü ildə Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıdışının ölkəmizi böyük bir fəlakətdən xilas etdiyini, vətəndaş müharibəsi astanasında duran bir xalqın öz inkişafına qovuşması üçün siyasi, iqtisadi və mənəvi bir mühit yaratdığını vurğulayıb: “Əsası Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın reallaşması nəticəsində biz güclü və dünyada sözü keçən dövlətlərdən birini qura bildik. Ümummilli Liderin görmək istədiyi suveren və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanı da Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bizə bəxş etdi”.
Tədbirdə çıxış edən partiya fəalları Pərvin Gözəlov, Roza Orucova, Famil Həmidov, İdris Əbdürrəhmanov bildiriblər ki, bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur. Bu gün Ümummilli Liderimizin siyasi kursu onun layiqli varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İnanırıq ki, dövlətimiz Ümummilli Lider Heydər Əliyev dühasından bəhrələnən, onun siyasi kursunun ən ləyaqətli davamçısı cənab İlham Əliyevin dövlətçilik bacarığı və rəhbərlik qabiliyyəti sayəsində daha da inkişaf edəcək, müstəqilliyini və suverenliyini daha da möhkəmləndirəcəkdir.
Sonda rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən partiya fəallarına fəxri fərmanlar təqdim olunub.