YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

15 iyun 1993-cü il: xalqın tarixi seçimi

Arif Fərzəliyev

YAP Cəbrayıl rayon təşkilatının sədri

1990-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi mürəkkəb siyasi və geosiyasi vəziyyət, daxili qarşıdurmalar və müharibə şəraiti yeni müstəqillik qazanmış ölkəni varlığı ilə yoxluğu arasında təhlükəli seçim qarşısında qoymuşdu. 1993-cü ildə ölkədə baş verən dövlət böhranı artıq vətəndaş müharibəsi ehtimalını reallaşdırmaq üzrə idi. Məhz belə ağır bir zamanda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixində dönüş nöqtəsi olan yeni bir mərhələnin əsasını qoydu. Ulu Öndər deyirdi: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız xalqıma xidmət etməyə həsr olunub”.

1993-cü ilin iyununda Gəncədə başlayan qiyam, paytaxtı və regionları əhatə edən xaotik vəziyyət, dövlət institutlarının iflic olması və müharibə fonunda yaranan ümidsizlik müstəqilliyin tam itirilməsi ilə nəticələnə bilərdi. Xalqın etimadı ilə Naxçıvandan Bakıya gələn və 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Heydər Əliyev faktiki olaraq milli qurtuluş missiyasını üzərinə götürdü. 15 iyun 1993-cü il – Azərbaycan dövlətçiliyinin yenidən bərpa edildiyi və müstəqilliyin qorunub saxlandığı gün kimi tarixə həkk olundu. Bu gün müasir tariximizin dönüş nöqtəsidir. Həmin gündən etibarən sabitlik siyasəti, milli həmrəylik və hüquqi dövlət quruculuğu prosesi başlandı. Əslində Qurtuluş Ulu öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin təsdiqi idi. Ümummilli Liderin qayıdışı sadəcə siyasi bir hadisə deyil, dövlətçilik fəlsəfəsinin dirçəlişi idi. Məhz onun uzaqgörən siyasəti nəticəsində qısa zamanda ölkədə ictimai-siyasi sabitlik təmin edildi, separatçılığın qarşısı alındı, müharibə cəbhəsində atəşkəs əldə olundu və beynəlxalq münasibətlərdə Azərbaycanın suverenliyi tanınmağa başlandı. Bu, real dövlət idarəetmə modelinin tətbiqi, milli maraqların prioritet kimi götürülməsi və xalqla birliyin nəticəsi idi.

Tarix yalnız xronologiya deyil, həm də yaddaşın və şəxsiyyətin qələbəsidir. Azərbaycan xalqı 15 İyunu hər il bir millətin yenidən doğulduğu, əqidəsinə, dövlətinə və gələcəyinə sahib çıxdığı gün kimi yad edir. Bu, təkcə qurtuluşun başlanğıcı deyil, həm də bir ömrün – Heydər Əliyev ömrünün xalq qarşısındakı məsuliyyət hissinin, əqidə borcunun simvoludur. 1993-cü ilin iyununda Azərbaycanın varlığı təhlükədə idi. Paytaxtda xaos, bölgələrdə parçalanma, orduda nizamsızlıq hökm sürürdü. Dövlətin süqutu artıq real təhlükəyə çevrilmişdi. Məhz belə bir anda xalq öz xilaskarını köməyə çağırdı. Ulu Öndər Heydər Əliyev bu dəvəti qəbul edərkən sadəcə siyasi lider olaraq yox, Azərbaycanın taleyinə cavabdeh bir şəxsiyyət olaraq qayıtdı. Ulu Öndər deyirdi: “Xalqın tələbi ilə hakimiyyətə gəlmiş bir insan üçün xalqın iradəsi daim əsas olmalıdır.” Bu iradəyə söykənən lider sabitliyin bərpası, dövlət idarəçiliyinin formalaşdırılması, ordu quruculuğu və iqtisadi strategiyanın əsaslarını qoydu. Onun qayıdışı ilə Azərbaycan məhv olmaq təhlükəsindən qurtularaq yeni inkişaf mərhələsinə qədəm qoydu. Həmin gün milli yaddaşımıza əbədi olaraq – Qurtuluş Günü kimi həkk olundu. Ulu Öndər, həmçinin qeyd edirdi: “Müstəqillik bizim ən böyük sərvətimizdir. Onu qorumaq, möhkəmləndirmək və əbədi etmək bizim müqəddəs borcumuzdur”.

Qurtuluşdan başlayan bu yol nəticə etibarilə Azərbaycanı XXI əsrə sabit, müasir, sabit inkişaf edən bir dövlət kimi gətirdi. Ulu Öndər Heydər Əliyevin irəli sürdüyü və həyata keçirdiyi strateji xətt ölkənin siyasi, iqtisadi və hüquqi sisteminin əsaslarını formalaşdırdı. Bu strateji xətt sonrakı dövrlərdə Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildi və nəticədə 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsində tarixi Zəfəri bu qurtuluş siyasətinin davamı oldu.

Ulu Öndər Heydər Əliyev Azərbaycanın bölgədəki strateji mövqeyini, zəngin enerji resurslarını və beynəlxalq münasibətlərdə tutacağı yeri düzgün qiymətləndirərək, həm Qərblə, həm də regional güclərlə tarazlı siyasət yürütməyə başladı. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Avropa ilə enerji əməkdaşlığı, beynəlxalq təşkilatlarda fəal təmsilçilik bu dövrdə formalaşmağa başladı. Beləliklə, 15 iyun yalnız siyasi sabitlik deyil, həm də Azərbaycanın gələcək müstəqilliyini qoruyan geosiyasi strategiyanın başlanğıc nöqtəsi oldu. 30 ildən sonra aydın görünür ki, 15 İyun - Milli Qurtuluş Günü milli yaddaşın, dövlətçilik ənənəsinin, suveren düşüncənin və Vətənə xidmət əqidəsinin qələbəsi idi.